Son günlər Azərbaycan Respublikasının bir sıra rəsmi şəxsləri və KİV-ləri tərəfindən İrandan Azərbaycan dilində yayımlanan “Səhər” televiziya kanalının ünvanına sərt tənqidlər səsləndirilib. Belə ki, kanal guya öz verilişlərilə Azərbaycanda təxribat tərədir, ictimai rəyi çaşdırır və s. “Aran” İnformasiya Agentliyi məsələyə münasibət bildirməsi üçün, “Səhər” TV-nin rəhbəri cənab Bürhan Hişmətiyə müraciət edib. B.Hişməti ilə müsahibəni sizə təqdim edirik.
- Cənab Hişməti, məlum olduğu kimi, bu günlərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov KİV-ə açıqlama verərək, qeyd edib ki, “Səhər” telekanalı və onun ayrı-ayrı verilişləri Azərbaycanda siyasi-ictimai vəziyyəti gərginləşdirməyə, qonşu dövlətdə baş verən prosesləri inkar etməyə, proseslərin mahiyyətini dəyişdirməyə və saxtalaşdırmağa xidmət göstərir. Bu, doğrudanmı belədir?
- Bu, birmənalı olaraq belə deyil! Əvvəla, bizim Tehrandan Azərbaycan dilində yayımlanan telekanalın mahiyyəti haqda bir neçə söz deyim. Bu kanalın başlıca amalı İranla Azərbaycan arasında mədəni birlik yaratmaq, bu iki qardaş ölkədə baş verən hadisələri, həqiqətləri dünyaya çatdırmaq, müştərək milli-mənəvi və tarixi dəyərlərimizi təbliğ etməkdir. Biz bir körpüyük. Körpü isə ayırmaq üçün yox, birləşdirmək üçün qurulur. Bütün verilişlərimizin ana xətti elə budur. Biz bir xalqıq. Biz Azərbaycan Respublikasını da İran kimi öz doğma yurdumuz hesab edirik. Onun maraqları, elə bizim maraqlarımızdır. Azərbaycanın siyasi-ictimai sabitliyi bizim öz sabitliyimizdir. Belə isə, necə ola bilər ki, biz orada sabitliyi pozmağa çalışaq? Baş verən prosesləri inkar edək? Görünür, Əli müəllimə barəmizdə yanlış məlumatlar çatdırılır və o da öz fikirlərini bu yanlış məlumatlar əsasında səsləndirib.
- Azərbaycan KİV-lərində də bu məsələ xeyli qabardılıb. Məsələn, “Yeni Müsavat” qəzeti kanalınızın fəaliyyətini təxribat adlandırır...
- Bilirsinizmi, elmi-mədəni verilişlərlə yanaşı, bizim informasiya proqramlarımız, siyasi icmallar və sair kimi verilişlərimiz də var. Və bu verilişlərdə Azərbaycanın telekanallarından fərqli olaraq, kimlərinsə diktəsi, senzurası yoxdur. Analitik proqramlarımız həm də sərbəst fikir meydanıdır. Biz bunu azad tribuna kimi dəyərləndirərdik. Azərbaycan kanallarında bu sərbəstliyə imkan verilmir. Hər şey iqtidarın təyin etdiyi xətt ilə müəyyənləşir. Hətta bəzi kanallarda bu siyasi kursa nəzarət edən konkret şəxslər təyin edilib. İnformasiya verilişlərinə gəldikdə, Azərbaycan telekanalları orada baş verən hadisələrin heç də hamısı işıqlandırmır. Xəbərlər süzgəcdən keçirilir. Amma biz əlimizdən gələni edirik ki, xəbərlərimiz obyektiv olsun. Qərəzdən uzaq, gerçək həyatı işıqlandırsın. Azərbaycan Respublikasından verilən xəbərlərimiz çılpaqlığı ilə obyektiv gerçəkliyi əks etdirir. Ağa ağ, qaraya qara deyirik. Hakimiyyətin uğurunu da təqdim edirik, amma eyni zamanda uğursuzluğunu da gizlətmirik. İmperializmin və sionizmin məkrli planlarını ifşa edirik. Sözün düzünü deyirik. Orada əhaliyə deyilməyənləri, gizlədilənləri, təhrif edərək xalqa söylənilənləri biz olduğu kimi təqdim edirik. Şübhəsiz ki, demokratik əhval-ruhiyyəli hər kəs üçün bu, normal qəbul edilməlidir. Bizim kanal kiməsə qərəzi var deyə deyil, medianın obyektivlik prinsipini rəhbər tutduğundan bunu edir. Azərbaycan xalqı öz telekanallarında deyə bilmədiyi sözü, bizdə deyir. Orada eşidə bilmədiklərini, bizdən eşidir. Və görünür bu kimlərisə bərk narahat edir. Biz sanki Azərbaycan Respublikasındakı informasiya blokadasını yarırıq. Əlbəttə ki, totalitar düşüncə sahiblərinin xoşuna gəlmir belə hallar. Biz obyektiv xəbəri, baş verən hadisəni efirdə veririk, deyirlər, “bunlar təxribatla məşğuldur”. Deməli, təxribat etməmək üçün biz də olmalıyıq ordakı kanalların tayı. Zənnimcə, bu, düzgün yanaşma deyil.
- Amma “Yeni Müsavat” müxalifyönlü qəzetdir...
- Bəli, bu qəzet bir çoxları kimi müxalifyönlü görüntüyə malikdir. Amma onların maliyyə mənbələrini nəzərə aldıqda, məsələ aydın olur. Üstəlik, bu qəzet bir sıra digər Azərbaycan KİV-ləri kimi, İranla Azərbaycan arasında illərdən bəri ədavət toxumu səpir. Yalan məlumatlarıyla ictimai rəyi çaşdırır. Məsələn, yazır ki, guya İranda Azərbaycan dili qadağandı, bu dildə televiziya, radio, qəzet, jurnal və s. yoxdu, burada azərbaycanlıları sıxışdırırlar və daha nələr. Sonra bir gün də yazırlar ki, filan adlı Azərbaycan dilli qəzeti bağladılar. Bəs deyirdiniz İranda azərbaycanca qəzet yoxdur? Sən demə var imiş, eləmi? Yeri gəlmişkən, İranda Azərbaycan türkcəsilə telekanallar da var, radiolar da, qəzet-jurnallar da. Masamın üzərindəki bu jurnal da azəri türkcəsilədir. Təbrizin “Səhənd” TV kanalı, Ərdəbilin “Savalan” TV-si, Urumiyanın “Azərbaycan” TV-si və s. Hamısı azəri türkcəsilədir. Bunu, sözgəlişi dedim. İranın Ali Dini Rəhbəri Ayətulla Xamenei də azərbaycanlıdır və yeri gələndə bu dildə də çıxışlar edir. Kanalımızı izləyənlər bunu görə bilərlər. Amma “Yeni Müsavat” İranla bağlı hər şeyi qara təqdim etməyə, haqqımızda mənfi imic yaratmağa çalışır. Görürsünüz, neçə vaxtdır yazırlar ki, guya Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki konsulluğu qarşısında Azərbaycan Respublikasının dövlət atributları təhqir edilib. Biz dərhal araşdırdıq. Tehrandakı Azərbaycan səfirliyi bu xəbəri təkzib etdi. Sonra İranın Azərbaycandakı səfiri də rəsmi olaraq bu xəbəri yalanladı. Belə bir hadisə baş verməyib. Amma di gəl ki, bunu qəzetlər yazır, hətta TV kanalları da bu yalanı yaymaqla məşğuldur. İndi də rəsmilər olmayan hadisəyə münasibət bildirirlər. Kimə lazımdır bu yalanlar, böhtanlar? İndi “Səhərə” qarşı kampaniya da bunlar üçün bir fürsət olub. Halbuki, müsavatçılar öz ölkələrindəki telekanallar vasitəsilə sözlərini deyə bilmirlər. Amma yenə də onların sözləri də bizdə yayımlanır.
- Bəzi qəzetlər də kanalınızı aşırı İalam təbliğ etməkdə ittiham edir.
- Kaş ki, bütün bunları yazanlar bir dəfə “Səhər”ə baxardılar, sonra qərəzsiz fikir söyləyərdilər. Yenə də müqayisə etmək məcburiyyətindəyəm. Azərbaycan Respublikasında televiziya kanallarında dini verilişlərə ciddi qadağa var. İndiyədək populyar olan “Gecə həmsöhbəti”, “Cümə söhbəti”, “Allah haqqı” kimi dini verilişlər bilavasitə hakimiyyətin göstərişilə qapadılıb. Orada din maarifçiliyinə yer verilmir. Amma 70 il dinsiz quruluşda yaşayan əziz qardaş-bacılarımızın dini biliklər əldə etməsinə, İslam maarifçiliyinə böyük ehtiyacı var. Biz bu ehtiyacı nəzərə alıb, dini-mənəvi profilli proqramlar da hazırlayırıq. Qoy əziz tamaşaçılarımız dinimiz, İslam tarixi, şəriət məsələləri kimi mövzularda da məlumatlar, biliklər əldə etsinlər. Yenə Azərbaycan teleməkanında olan İslam məarifçiliyinə qarşı blokada yarılır deyə, kimlərsə bundan rahatsız olur. Bu adamlar istəmirlər insanlar öz dini ilə, mənəvi dəyərlərilə tanış olsunlar. Əks halda, orada bütün bunlar üçün şərait yaradardılar. Amma bizim oralarla işimiz yoxdur, biz onların işlərinə qarışmırıq. Biz “ANS”, “Lider” yaxud “İTV” deyilik ki, bizi də nəzarətdə saxlasınlar. Hesab edirik ki, bu ehtiyacı ödəmək üçün öz imkanlarımızdan istifadə edək. İslamın gözəlliyini, dinimizin ülvi dəyərlərini tamaşaçılarımıza nümayiş etdirək. Dinimiz mötədilliyin tərəfdarıdır. Biz hər cür aşırı hərəkətlərə qarşıyıq. İslam “orta yol”dur. Nə ifrat, nə təfrit. İslam yalnız Allah qarşısında təslim olmaqdır. Biz də bu yola sadiqik. Dünyəvilik adı ilə İslama qarşı televiziyalarda blokada qoymaq olmaz. Xüsusən ki, Azərbaycan xalqı müsəlman xalqdır və bu xalqın böyük bir hissəsi, dindarlar bizdən İslami məarif tələb edir. Eləcə də Bakıda fəaliyyət edən televiziyalardan. Son vaxtlarda proqramlarımızın artırılması və xüsusən, dini maarif və ailə verilişlərinin gündəlik olması da Azərbaycan xalqının tələbi əsasında baş tutub. Verilişlərimizə baxan hər kəs bunun şahididir. Bir məsələni də qeyd edim. Azərbaycanda dindar əhali də millətin tərkib hissəsidir. Amma onlara aid hadisələr oranın teleməkanında işıqlandırılmır. Orada dindarlara rəsmi dairələrdən yad münasibət sərgilənir. Axı onların da sözü var, onların ağzını yummaq olarmı? Biz bunun üçün də şərait yaradırıq ki, qardaş Azərbaycanın inanclı vətəndaşlarının da söz deməyə imkanları olsun. Bir də görürsən, bu, kimlərəsə xoş gəlmir və bizi buna görə də tənqid edirlər. Görünür, söz azadlığı bəziləri üçün çox yaddır.
- Azərbaycan KİV-lərinin bu davranışı Sizi narahat etmirmi?
- Xeyr, çünki hərə öz işini görür. Biz hər şeyi anlayırıq. Hadisələri olduğu kimi qəbul edə, həzm edə bilirik. Jurnalistikada bu, çox mühümdür. Əslində, bizi başqa şey narahat edir. Biz İran vətəndaşları kimi həm də azərbaycanlıyıq. Biz İran və Azərbaycanın tarixi – mədəni birliyini , vahid köklərimizi nəzərə alıb, Azərbaycanın da İran kimi başıucalığını arzulayırıq. Kanalımız vasitəsilə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırırıq. 20 yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycan ərazilərinin işğalı, erməni vandalizmi – dünyanın hansı telekanalı bizdən çox bu haqda verilişlər hazırlayır? Amma Azərbaycanda iqtidarlı-müxalifətli, bütün bunlara göz yumanlar, dananlar var. Bizi düşmən kimi tanıtmağa çalışanlar var. Niyə? Çünki biz İrandan yayımlanırıq. Müstəqilik, Qərbin və kimlərinsə sifarişilə işləmirik. Müsəlman kimliyimizi qoruyub, saxlayırıq. Məlum məkrli qüvvələr iki qardaşı bir-birinə düşmən eləməyə çalışır. Bakıda çıxan qəzetlərə külli miqdarda pullar xərclənir ki, İran əleyhinə təbliğatlar aparsınlar. Bizdə dəqiq məlumatlar var. Bizi narahat edən budur ki, o taydakı bəzi doğma qardaşlarımız, qanı bir, dili-dini bir olan əzizlərimiz xarici qurumlardan, özü də ABŞ və sionist rejim kimi xəyanətkar rejimlərdən - sözün həqiqi mənasında, müsəlman Azərbaycan Respublikasına xəyanət edən rejimlərdən muzd alıb, əleyhimizə təbliğat aparırlar. İranla Azərbaycan arasında uçurum yaratmağa çalışırlar. İsrailin, ABŞ-ın və bir sıra digər Qərb dövlətlərinin Azərbaycanda əleyhimizə bu sahədə hansı layihələr həyata keçirdikləri haqqında dəqiq və konkret məlumatlarımız var. Zənnimcə, ən pisi də budur ki, qardaş pula görə, qardaşını satsın. Bizi narahat edən budur. Axı biz o taydakıları elə özümüzdən sayırıq. Əlbəttə, bu gileyliyi dilə gətirəndə yaddan çıxarmırıq ki, Azərbaycan Respublikasındakı qardaşlarımız bizimlədir. SƏHƏRİN işığına qarşı qara qüvvələr işə düşəndə elə bu xalqın nümayəndələri bizi müdafiə edirlər.
“Aran” İA