İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotemin İsrail ordusunun Qəzza sektoruna yardım aparan gəmilərə basqın etməsi, qətliam törətməsi və yaranmış vəziyyətlə bağlı APA-ya eksklüziv müsahibə verib. Səfirin açıqlamalarıyla bağlı “islammektebi.org” saytı “Yeni Şərq” Araşdırmalar Mərkəzinin direktoru Elşən Mustafaoğlunun fikirlərilə bölüşüb. E.Mustafaoğlu ilə müsahibəni oxucularımıza təqdim edirik.
- Elşən müəllim, İsrail səfiri Qəzza zolağına yardım aparan gəmilərə İsrail Silahlı Qüvvələrinin hücumunu təxribat kimi qiymətləndirib. Özü də guya bu, gəmidəkilərin təxribatı imiş.
- İşğalçı rejimi təmsil edən bir səfirin öz cinayətlərini ört-basdır etməyə çalışması təbiidir. Bəli, bu bir təxribatdır. Amma bu təxribatın müəllifi İsrail rejimidir! Əli on minlərlə günahsız insanın qanına bulaşmış, özgə ərazilərdə özlərinə dövlət qurub, digərlərinin bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmağa çalışan işğalçı qurumun təxribatıdır baş verənlər! Səfir humanitar yardım aparan əliyalın insanların dünyanın gözü qarşısında qətlə yetirilməsinə don geyindirməyə çalışır. Bunun özü böyük bir rəzalətdir!
Bu adam yalan xəbər yayıb, bildirir ki, guya günah elə humanitar yardım aparanlardaymış. Həqiqət budur ki, məhz İsrail hərbçiləri onlara hücum edib. Sübh çağı İsrailin xüsusi təyinatlı əsgərləri vertolyotlardan düşərək altı mülki gəmidən ibarət donanmadakı Türkiyə gəmisinə hücum edib və atəş açmağa başlayıb. Dinc insanlara qarşı silah işlədilib və ən azından, 16 nəfər qətlə yetirilib. Xeyli sayda adam yaralanıb.
- İsrail səfiri humanitar yardımların guya terrorçuluğu dəstəkləyən İHH adlı bir fond tərəfindən Qəzzaya aparıldığını iddia edir.
- İHH – İnsani Yardım Vakfı, yəni Humanitar Yardım Fondudur. Bu qurum 15 ildir qardaş Türkiyədə və dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən tanınmış yardım təşkilatlarından biridir. Səfir ağ yalan danışıb deyir ki, guya bu qurum “turistik təşkilatdır” və “terrorçuları dəstəkləyir”. Sözü gedən Fond dünyanın hər yerində kimsəsizlərə, aclara, fəlakətə uğramış, evindən-eşiyindən didərgin düşmüş və s. ehtiyacı olan insanlara humanitar yardımlar edir. Bəli, bu təşkilat fələstinlilərə də yardım edir. Axı milyonlarla fələstinli İsrail işğalına məruz qalıb, hər şeyini itirib. Niyə fələstinli məzluma yardım göstərənə “terrorçuları dəstəkləyir” deyilsin ki? Məgər fələstinlilər kiminsə ərazisini işğal ediblərmi? Onlar öz evlərinin içində ikən, təcavüzkar sionistlərin işğalına məruz qalıblar. Onların torpaqları işğal olunub. Onlar doğma yurdlarından didərgin salınıb. Onların qanı axıdılıb və axıdılmaqdadır. İndi bu təcavüzkarlığa qarşı mübarizə aparan, işğala qarşı müqavimət göstərən İslam Müqavimət Hərəkatını (HƏMAS) terrorçu adlandırırlar, amma işğalçı sionistlərə gözün üstə qaşın var demirlər. Bu nə iyrənc siyasətdir?! Bu hal torpağının 20 faizi erməni təcavüzkarları tərəfindən işğal edilmiş Azərbaycanımıza da tanışdır. İndi səfir deyir ki, “Qəzza zolağı HAMAS tərəfindən idarə edilir, hətta Fələstin özü indiyə kimi oranın HAMAS-ın idarəçiliyində olduğunu qəbul etmək istəmir.” Bu da ağ yalandır! HƏMAS Fələstində keçirilən azad parlament seçkilərində inamla qələbə qazandı. Fələstinlilərin mütləq əksəriyyəti bu hərəkatı dəstəklədi və seçkilərdə ona səs verdi. HƏMAS Fələstində qanuni hakimiyyətə gəldi. Lakin bu vəziyyət təcavüzkar İsraili qane edə bilməzdi və sionistlər marionet qüvvələrin əlilə HƏMAS-ın qanunu hakimiyyətini Qəzza istisna olmaqla, digər Fələstin ərazilərində devirdi. Təsəvvür edirsizmi, hətta hücum çəkib Fələstin parlamentini ələ keçirdi, spiker də daxil olmaqla, bütün tanınmış fiqurlarını oğurlayıb, İsrail zindanlarına atdı. İndi səfir Fələstinin qanuni hakimiyyətini terrorçu adlandırır. Fələstin xalqına və onun dəstəklədiyi İslam Müqavimət Hərəkatına simpatiya bəsləyənləri isə “terrorçuları dəstəkləyənlər” kimi qələmə verir. Bu, acınacaqlı haldır!
- İsrail Silahlı Qüvvələrinin bu gəmiləri saxlamağa hər hansı bir haqqı var idimi?
- Əlbəttə ki, heç bir haqqı yox idi! Bu gəmilər İsrailə aid sularda üzməyiblər ki, İsrail onları saxlasın. Hadisə beynəlxalq sularda baş verib. Yəni gəmilər beynəlxalq sularda Qəzzaya doğru üzüblər. Lakin İsrailin növbəti təcavüzkarlığı ilə üzləşiblər. 6 gəminin hamısına dayanmaq əmri verilib. Sən kimsən beynəlxalq sularda humanitar yardım daşıyan gəmiləri saxlayırsan?! Bu, dəniz quldurluğudur! 21-ci əsrdə yaşayırıq, sülhdən, insan haqlarından danışırıq, amma dünyanın gözü qarşısında quldur bir rejim gəlib milyonlarla fələstinlini, qəzzalını mühasirəyə alıb, onları blokadada saxlayır. Dinc sakinlər aclıq-susuzluq içində, dərman yox, yaşamaq üçün ən ibtidai şərait yox və günlərin bir günü səfalət içində inildəyən bu insanlara humanitar yardım aparılır, bu yardımın da qarşısı qan tökməklə alınır. Bu quldurluq deyil, bəs nədir? Buna kim və hansı adla haqq qazandıra bilər?
- Səfir hesab edir ki, bunu yardım adlandırmaq olmaz. Guya bunun yardım adlandırılması “ağlasığmazdır”…
- Bəli, bu insanlara yardımdır! Qəzzada aclıq içində, səfalət içində əziyyət çəkən milyon yarımlıq əhaliyə yardım. Amma insan qatillərinə, dinc sakinləri aclıq içində boğmağa, öldürməyə çalışan təcavüzkar bir rejim üçün əlbəttə bunun yardım adlandırılması “ağlasığmazdır”! Axı bu yardımlar sionistlərin blokadada saxlayıb məhv etməyə çalışdığı insanlara ünvanlanıb. Səfir “yardım adlandırmaq olmaz” dedikdə, öz məntiqini, öz dünyagörüşünü, təmsil etdiyi rejimin mövqeyini ortaya qoyub. Əslində isə Qəzzaya 10 tonluq humanitar yardım, o cümlədən sement, sutəmizləyici qurğular, yığma evlər, 20 ton kağız və s. kimi qəzzalılar üçün həyati mahiyyət daşıyan mallar aparılırdı. İsrail bu malların Qəzzaya çatdırılmasına imkan vermir.
- Sizcə, İsrail humanitar missiya ilə Qəzzaya yollanan insanları qətlə yetirməklə öz imicinə zərbə vurmuş olmadımı?
- Bilirsizmi, İsrail 60 ildən artıqdır işğalçılıq siyasəti həyata keçirir. Bu rejimin mahiyyəti işğalçılığa, özgə torpaqların mənimsənilməsinə yönəlib. Bu isə qan tökmək, insanları ev-eşiyindən didərgin salmaq deməkdir. Bunlar Qarabağda ermənilərin törətdiyi cinayətkarlığın sələfləridir. İndiyədək BMT-nin onlarla qətnaməsini İsrail ayaqlar altına atıb. Heç kəsin sözünün bunlar üçün əhəmiyyəti yoxdur. Necə deyərlər, islanmışın yağışdan nə qorxusu? Onsuz da bütün dünya sionizmin iç üzünə bələddir. Hamı bu cinayətkar rejimi yaxşı tanıyır. Amma nə yazıqlar ki, bu gün sionistlər dünyada söz sahibidirlər. Dünyanın böyük dövlətlərini ram edib, öz təcavüzkar siyasətlərini beləcə davam edirlər. Cinayətkar cəzasız qalanda, yeni cinayətlərə əl atır. Vaxtıyla İsrail törətdiyi cinayətlərə görə layiqli cəzasını alsaydı, indi humanitar missiya ilə üzən gəmilərə silahlı hücum edib, dinc insanları qətlə yetirməyə cürət etməzdi. Əlbəttə, Allah bu haqsızlıqları cəzasız qoymaz! Zülm ilə abad olanın aqibəti bərbad olar. Hələ Qəzzada dinc insanlara, o cümlədən günahsız körpələrə qarşı törətdikləri qətliam səhnələri gözümüz önündən getməyib. Şübhəsiz ki, İsrail bununla növbəti rüsvayçılığına imza atdı. Artıq bu rejim əli silah tutanlarla döyüşməkdə acizdir! 33 günlük Livan və 22 günlük Qəzza savaşları bunu göstərdi. Artıq bunlar silahsızlara öz güclərini nümayiş etdirirlər. İndi bir daha bütün dünyada rüsvay oldular. İsrail ordusunun humanitar yardım daşıyan gəmiyə hücumundan sonra demək olar ki, təkcə İslam aləmində deyil, dünyanın hər yerində etiraz aksiyaları dayanmaq bilmir. Hamı bu rəzaləti pisləyir. Azərbaycanımızda siyasi baxışlarından asılı olmayaraq, cəmiyyətimizdə nüfuz sahibi olan bütün ictimai-siyasi xadimlər açıqlamalar verərək, İsrailin bu cinayətini qətiyyətlə qınayıb. Bununla İsrail növbəti dəfə özünü rüsvay etdi. Ən əsası isə, Allah var! O, tökülən bu günahsız qanları yerdə qoymayacaq!
www.islammektebi.org