"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi Azərbaycan Respublikası prezidentinə məktub ünvanlayıb.
İslam-Azeri.az İnternet qəzetinin verdiyi məlumata əsasən, məktubda iyunun 18-də vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi və onun qəhrəmanlığının xalq arasında daha geniş təbliğinə dair təkliflər irəli sürülüb.
Məktubun mətnini diqqətinizə çatdırırıq.
“Milli-Mənəvi Dəyərələr” İctimai Birliyi
tərəfindən
Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyevə
MÜRACİƏT
Bismillahir-Rəhmani-Rəhim
Hörmətli cənab Prezident!
Bu məktubu yazmaqda əsas məqsədimiz Sizin diqqətinizi, zənnimizcə çox önəmli bir məsələyə cəlb etmək və bu məsələnin həllinə müvafiq sərəncamlar və göstərişlərinizlə dəstək verməyinizi xahiş etməkdir.
Cənab Prezident!
Məlum olduğu kimi, 20 ildən artıqdır ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb. Bu illər ərzində minlərlə soydaşımız qətlə yetirilib və şəhid olublar, bir milyona yaxın azəri doğma yurd-yuvalarından didərgin salınıblar. Torpaqlarımızın 20 faizi düşmən tapdağındadır və erməni qəsbkarları bu ərazilərdən geri çəkilməməkdə qərarlı olduqlarını dəfələrlə bəyan ediblər və mənfur hərəkətləri ilə sübuta yetiriblər.
1994-cü ildən etibarən Ermənistanla atəşkəs razılığına gəlinməsinə rəğmən, cəbhə bölgəsində demək olar ki, hər gün atəş səsləri eşidilir, övladlarımız düşmən gülləsinə tuş gəlirlər. Belə bir şəraitdə xalqın torpaqlarının de-fakto itirilməsi ilə barışma tendensiyası açıq-aşkar sezilməkdə idi.
Lakin iyunun 18-də cəbhə bölgəsində baş verən hadisələr Qarabağ uğrunda onilliklərdir gedən savaşda bir dönüş nöqtəsi olmalıdır. Biləsuvar rayonunun Əliabad kənd sakini Mübariz Ağakərim oğlu İbrahimovun erməni qəsbkarlarının növbəti hücumunu dəf edərkən göstərdiyi rəşadət və sücaət artıq hər bir Azərbaycan vətəndaşında özünəinam hissi yaratmalıdır. Təsadüfi deyil ki, son 16 il ərzində ilk dəfə olaraq Azərbaycan ordusunun hərbçisinə «Milli Qəhrəman» adı verildi. Sizin və dövlətimizin Mübariz İbrahimovun göstərdiyi mübarizliyi və şəhadətini məhz belə yüksək dəyərləndirməyiniz bir daha sübut edir ki, iyunun 18-i Qarabağ savaşında həqiqətən də önəmli mərhələnin başlanğıcı olacaq.
Cənab Prezident!
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən Mübariz Ağakərim oğlu İbrahimovun, eləcə də vətənimizin bütövlüyü və müstəqilliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan digər soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların daha geniş tərənnüm və təbliğ edilməsi üçün yardım göstərmənizi rica edirik. Bakının, həmçinin digər rayon mərkəzlərinin küçə və meydanları müxtəlif çeşidli malların, şou-biznes fəallarının reklamları ilə zəngindir. Sizə verilən Ali rütbədən və səlahiyyətlərinizdən istifadə edərək, sözügedən reklam lövhələrinin və bilbordların bəzilərində, bəlkə də əksəriyyətində məhz şəhidlərimizin portretlərinin, onların həyat yollarını əks etdirən görüntülərin yerləşdirilməsinə dair sərəncam vermənizi xahiş edirik. Bu addımı atmaqla Siz vətəndaşlarımızın Qarabağ uğrunda mübarizədə daha fəal olmalarını, yeni nəsil nümayəndələrinin isə vətənpərvərlik ruhunda tərbiyələnmələrini təmin etmiş olacaqsınız.
Cənab Prezident!
Övladlarımız vətən və xalqımız uğrunda Allah-Təalanın bəxş etdiyi ən şirin və dəyərli şeydən - canlarından keçdilər. Bizim hər birimiz Allah və onlar qarşısında mənəvi məsuliyyət daşıyırıq. Qaldırdığımız problemin həllində bizə yardım göstərməklə Siz həm bu mənəvi borcun ödənilməsində, həm də Qarabağ uğrunda mübarizə ideyası ətrafında xalqımızın səfərbər olmasında mühüm addım atmış olacaqsınız.
“Milli-Mənəvi Dəyərələr” İctimai Birliyi"
Məktub Prezident Aparatına təqdim edilib.
Islam-Azeri.az